Gənclər siyasəti Azərbaycanda prioritet istiqamətdir. Bu barədə prezident İlham Əliyevin çərşənbə axşamı Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumun iştirakçılarına müraciətində deyilir.
“Bu siyasətin uğurla həyata keçirilməsi üçün Azərbaycanda əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait yaradılıb”, - deyə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun oxuduğu müraciətdə qeyd edilir.
Dövlət başçısı bildirib ki, son illər ərzində Azərbaycanda əhali, o cümlədən gənclər arasında yoxsulluq və işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrinin maddi-texniki bazası möhkəmlənib.
“Gənclərin intellektual, fiziki, mənəvi inkişafının və ictimai fəallığının təmin olunması, yaradıcılıq potensialının müəyyən edilməsi, sosial-məişət problemlərinin həlli məsələləri daim diqqət mərkəzindədir”, - deyə Azərbaycan prezidentinin müraciətində bildirilir.
Dövlət başçısı qeyd edib ki, bu məqsədlə son 10 il ərzində Azərbaycanda bir neçə dövlət proqramı həyata keçirilib, gənclərin layihələri və proqramlarına dəstək fondu yaradılıb.
“Azərbaycan müxtəlif sahələrdə beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. Və əminəm ki, bu forum da yüksək səviyyədə keçəcək və gənclər siyasətinin prioritetlərinin təkmilləşməsinə xidmət edəcək”, - deyə müraciətdə vurğulanır.
Müraciətdə qeyd olunur ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə gənclər siyasətinin uğurla inkişaf etməsi üçün dinamik sosial-iqtisadi mühit formalaşıb.
“Son illər aparılan ardıcıl islahatlar sayəsində ölkə iqtisadiyyatı sürətli inkişaf yoluna qədəm qoyub, əhalinin bütün təbəqələri, o cümlədən gənclər arasında yoxsulluğun və işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Təhsil, səhiyyə, mədəniyyət və idmanın maddi-texniki bazası möhkəmlənib, cəmiyyətdə davamlı sabitlik bərqərar olub”, - deyə müraciətdə bildirilir.
“Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialın üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sayəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilib, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən fond yaradılıb”, - deyə ölkə başçısı vurğulayıb.
“Əminəm ki, bu gün işə başlayan Gənclər siyasəti üzrə 1-ci Qlobal Forum da həmin tədbirlər sırasında layiqli yer tutacaq. Biz forumun Bakı şəhərində keçirilməsi barədə qərarı ölkəmizin gənclərlə iş sahəsində təcrübəsinə verilən yüksək qiymət kimi dəyərləndiririk. Hesab edirik ki, bu toplantı qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə gənclər siyasətinin prioritetlərinin dəqiqləşdirilməsi, problemlərinin həlli yollarının araşdırılması, iştirakçı dövlətlərin dövlət orqanları və qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyəti olacaq”, - deyə müraciətdə qeyd olunur.
R.Babayev, F.İsazadə