Ermənistan və Azərbaycan prezidentlərinin Paris görüşü səmərəli olub. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib.
“Görüşdə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və tərəflər arasında etimadın möhkəmlənməsi məsələləri müzakirə edilib. Düşünürəm ki, tərəflərin mövqelərinin yaxınlaşdırılması üzrə kiçik addım atılıb”, - deyə E.Nalbandyan Parisdə jurnalistlərə ötən bazar ertəsi Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, “mürəkkəb proses gedir və bir-iki görüşlə dəyişikliyin baş verməsini gözləməyə dəyməz”.
“Görüşlər faydalıdır, onlar prezidentlərə bir-birinin mövqeyi ilə tanış olmağa, münaqişənin sülh yolu ilə nizamlanması imkanlarını müəyyən etməyə imkan yaradır. Bu mənada görüş mübət olub. Prezidentlər səviyyəsində təsdiq edilib ki, danışıqlar prosesinin alternativi yoxdur və sülh yolu ilə nizamlanma istiqamətində hərəkət etmək lazımdır”, - deyə Ermənistan XİN başçısı bəyan edib.
O, həmçinin qeyd edib ki, prezidentlərin növbəti görüşünün keçirilmə tarixi və yeri barədə hələlik razılıq əldə olunmayıb.