Tehran hesab edir ki, beynəlxalq vasitəçilərdən ibarət “altılıq”la İran arasında nüvə proqramına dair danışıqlar uğurla başa çatsa, Qərb Tehrana qarşı bütün sanksiyaları dərhal ləğv etməlidir. Belə bəyanatla çərşənbə axşamı İranın xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi çıxış edib.
“İran sanksiyaların mərhələli şəkildə ləğv edilməsi ssenarisini qəbul etmir. Onların hamısı birdən ləğv edilməlidir”, - deyə İranın Atom Enerjisi Agentliyinin “Twitter” səhifəsində ona istinadən yazılıb.
Bununla yanaşı, M.T.Rəvançi qeyd edib ki, İran “altılıq”la danışıqların müddətinin uzadılması barədə düşünmür və bütün məsələləri noyabrın 24-nə qədər həll etməyə çalışacaq.
İran və beynəlxalq vasitəçilər noyabrın 24-nə qədər hərtərəfli saziş üzərində işi başa çatdırmalıdır. Sazişə əsasən, İranın nüvə proqramının yalnız dinc məqsədlər üçün nəzərdə tutulmasına zəmanət verildikdən sonra Tehrana qarşı bütün sanksiyalar ləğv edilməlidir.