2014-cü ilin yekunları üzrə Azərbaycanda qeyri-neft sahəsində ÜDM 8% artacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə regional icmalında məlumat verilir.
Fondun proqnozlarına görə, 2015-ci ildə Azərbaycanda qeyri-neft sahəsində ÜDM artımı 7%-ə qədər ləngiyəcək.
Eyni zamanda BVF proqnozlaşdırır ki, 2014-cü ilin yekunları üzrə neft sektorunda azalma 0,9%, 2015-ci ildə 0,1% təşkil edəcək.
Fondun məlumatına əsasən, MDB-də neft ixrac edən ölkələrdə (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan) 2014-2015-ci illərdə qeyri-neft sektorunun artımı orta hesabla 1% ləngiyəcək. Ümumilikdə bu dövrdə MDB-də neft ixrac edən ölkələrin iqtisadiyyatında qeyri-neft sektoru orta hesabla 7,25% artacaq.
Fondun proqnozlarına əsasən, cari ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti $11,3 mlrd. və ya ÜDM-in 14,6%-ni, gələn il $8,9 mlrd. və ya ÜDM-in 10,4%-ni təşkil edəcək.
Xəbər verildiyi kimi, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2014-cü ildə respublikada qeyri-neft sektoru 8,1%, 2015-ci ildə 8,2% artacaq. 2014-cü ilin yekunları üzrə neft sektorunda azalma 2,2% təşkil edəcək.
A.Əzizov