Rusiyanın baş onkoloqu Mixail Davıdov Azərbaycan Tibb Universitetinin (ATU) fəxri doktoru adına layiq görülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ATU-dan məlumat verilib.
Cərrah-onkoloq, professor, Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki, N.N.Bloxin adına Rusiya Elmi-Tədqiat Onkoloji Mərkəzinin direktoru ali məktəbin rəhbərləri və tələbələri ilə görüşüb və onların suallarını cavablandırıb.
Universitetin rektoru, akademik Əhliman Əmiraslanov görüş iştirakçılarına M.Davıdovun elmi nailiyyətlərindən danışıb. O, M.Davıdovun azərbaycanlı mütəxəssislərin yetişdirilməsində böyük əməyi olduğunu qeyd edib.
Daha sonra Ə.Əmiraslanov Rusiyanın baş onkoloquna ATU-nun fəxri doktoru diplomunu təqdim edib.
Bu yüksək ada layiq görüldüyünə görə ATU-nun rəhbərliyinə minnətdarlığını bildirən M.Davıdov rəhbərlik etdiyi mərkəzdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin təkcə Rusiyada deyil, MDB məkanında məşhur mütəxəssislər olduğunu vurğulayıb.
Rusiya nümayəndə heyəti ali məktəbin klinikaları və burada yaradılmış şəraitlə tanış olub.
A.Zeydullayeva