Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdiyi vaxtdan müsəlman aləmində İsrailin ən yaxın dostlarından biri oldu. Bu barədə İsrailin Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin (BESA) eksperti Aleksandr Murinsonun “İsrail və Azərbaycan arasında əlaqələr” adlı yeni kitabında qeyd olunur.
Ekspert vurğulayır ki, Türkiyənin Azərbaycanın ən yaxın müttəfiqi olmasına baxmayaraq, İsrail-Türkiyə münasibətlərinin pisləşməsi Azərbaycan-İsrail əlaqələrinə mənfi təsir göstərmədi. “Son 20 il ərzində İsraillə Azərbaycan arasında əlaqələr əhəmiyyətli dərəcədə yaxşılaşıb. İsrailin starteji cəhətdən vacib neft tədarükçüsü olan Azərbaycandan etibarlı neft nəqlinə marağı Azərbaycan-İsrail münasibətlərində əsas amildir. Eyni qaydada İsrail də Azərbaycana qabaqcıl silah sistemlərinin mühüm tədarükçüsü rolunu oynayır”, - deyə A.Murinson yazır.
Onun sözlərinə görə, yaxın gələcəkdə elmi-texniki əməkdaşlıq, informasiya texnologiyaları, tibb, suyun təmizlənməsi, kənd təsərrüfatı və mədəni mübadilə sahələrində ikitərəfli münasibətlərin aktivləşməsini gözləmək olar. Təhlükəsizlik, terrorçuluqla mübarizə sahələrində əməkdaşlıq sübut etdi ki, iki kiçik ölkə son dərəcə təhlükəli şərtlər altında uğurlu əməkdaşlıq etmək üçün unikal ahəng tapa bilib”,- deyə BESA eksperti qeyd edir.
F. Hüseynzadə