Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Çexiya ilə ticari-iqtisadi əlaqələrin genişlənməsinin tərəfdarıdır.
“Azərbaycan və Çexiya arasında ticarət münüsibətlərinin arzu edilən səviyyədə olmamasına baxmayaraq, onların inkişafı üçün böyük potensial mövcuddur. Mən bütün müvafiq qurumlara, fiziki və hüquqi şəxslərə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün daha fəal olmağı təklif edirəm”, - deyə Z.Məmmədov Çexiyanın müstəqilliyinin 96-cı ildönümünə həsr olunan diplomatik qəbulda bəyan edib.
Nazir qeyd edib ki, iki ölkənin dövlət başçıları arasında mövcud olan yaxşı şəxsi münasibətlər dövlətlərarası əlaqələri daha da inkişaf etdirməyə imkan verir.
“Diplomatik münasibətlərin qurulduğu 1993-cü ildən etibarən ölkələrimiz arasında iqtisadi, mədəni və humanitar sahələri əhatə edən 26 sənəd imzalanıb. Bu, münasibətlərimizdə hüquqi baza yaratmağa imkan verib. Bu istiqamətdə iş uğurla davam etdirilir”, - deyə Z.Məmmədov vurğulayıb.
O, həmçinin rəsmi Praqanın Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinə də toxunub. “Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması işinə öz töhfəsini verir. Çexiya Deputatlar Palatasının Xarici Siyasət Komitəsinin qəbul etdiyi qərarlar buna əyani sübutdur”, - deyə nazir vurğulayıb.
O deyib ki, Çexiya Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlar çərçivəsində də dəstəkləyir.
F.İsazadə