Bu gün Ermənistanda beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid mənbəyi olan diktator rejimi hökm sürür. Bunu prezident İlham Əliyev çərşənbə günü Bakıda Gənclər siyasəti üzrə 1-ci Qlobal Forumda çıxışı zamanı söyləyib.
“Ermənistanın diktator rejimi beynəlxalq təhlükəsizliyə təhdiddir. Bütün dünya bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizi dəstəkləyir. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, lakin əməli nöqteyi-nəzərdən biz hələ ki, münaqişəni həll edə bilməmişik”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı bildirib ki, problemin həlli BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. “Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri iki gün ərzində yerinə yetirilir, amma bizimlə bağlı qəbul edilən qətnamələr illərdir yerinə yetirilmir. Mən əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və Dağlıq Qarabağ yenidən Azərbaycanın bir hissəsi olacaq. Biz bu məsələdə dünya birliyinin dəstəyinə ümid edirik”, - deyə İ.Əliyev qeyd edib.
Prezidentin sözlərinə görə, Azərbaycan təhlükəsizlik məsələlərində “bu gün cəbhə xəttində düşmənlə üz-üzə duran gənclərə xüsusi diqqət yetirir. O qeyd edib ki, təcavüzkar erməni separatçılığı Azərbaycan ərazisinin 20%-nin işğalına və 1 mln. insanın qaçqın və məcburi köçkünə çevrilməsinə gətirib çıxarıb.
Y.Əliyev