Azərbaycan regionda sülh, təhlükəsizlik və sabitlik adasıdır. Bu barədə prezident İlham Əliyev Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı bəyan edib.
“Dünya bizi məhz belə qəbul edir”, - deyə dövlət başçısı vurğulayıb.
İ.Əliyev dünyanın bir sıra regionlarında müşahidə olunan qeyri-sabitliklə bağlı narahatlığını ifadə edib.
“Təəssüflə qeyd etmək lazımdır ki, bu gün qonşu regionlarda faciəvi hadisələr baş verir. Dünya terrorçuluqla mübarizədə səyləri birləşdirməlidir. Bəzi ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən asılı olmaqda davam edir, bu, həm də siyasi asılılıq deməkdir. Hər bir ölkə müstəqil siyasət yürütmək üçün iqtisadi müstəqilliyə can atmalıdır”,- deyə prezident qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandığı qısa vaxt ərzində beynəlxalq birliyin etibarını qazana bilib.
“Əgər bütün ölkələr beynəlxalq hüquqa Azərbaycan kimi münasibət göstərsələr, dünyada sülh bərqərar olar. Beynəlxalq hüquq hamı üçün eyni olmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.
İ.Əliyev Azərbaycanın Gənclər siyasəti üzrə I Qlobal Foruma böyük əhəmiyyət verdiyini vurğulayıb. “Biz bu forumun keçirildiyi yer kimi Azərbaycanın seçilməsindən məmnunuq. Bu, o deməkdir ki, beynəlxalq birlik bizim yürütdüyümüz gənclər siyasətini bəyənir”,- deyə dövlət başçısı əlavə edib.
Prezident təhsil sahəsini Azərbaycan dövlətinin prioritetlərindən biri kimi qeyd edib. “Biz gənclərimizin böyük əksəriyyətinin savadlı olması ilə fəxr edirik. Hesab edirik ki, yalnız savadlı insan inkişaf işində öz ölkəsi və xalqına kömək edə bilər. Biz inkişaf etmiş ölkələrin təcrübəsinə baxıb görürük ki, inkişafın açarı neft və qazda deyil, elm və innovasiyadadır”,- deyə İ.Əliyev bildirib.
Onun sözlərinə görə, bu il Azərbaycan gənclərin xaricdə təhsil almasına təxminən 40 mln. avro ayırıb.
“Eyni zamanda biz öz ali məktəblərimizin xarici ali məktəblərlə əməkdaşlığını təmin edirik. Biz bu siyasətin müsbət nəticəsini görürük, çünki bu kadrlar ölkənin inkişafına öz töhfələrini verirlər”,- deyə dövlət başçısı bildirib.
Prezident idman sahəsini də dövlətin prioritet istiqamətlərindən biri adlandırıb.
“London Yay Olimpiadası Azərbaycanda idmanın inkişafında yeni dönüş nöqtəsi oldu, bu oyunlarda Azərbaycan komandası 30-cu yeri tutdu. İndiyədək belə uğur əldə edilməmişdi”, - deyə prezident qeyd edib.
“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında və Avropa Şurasında təmsil olunan çox az ölkələrdən biridir. Hazırda Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir, biz çox nadir mədəni-etnik müxtəlifliyə malikik. Biz sivilizasiyalararası dialoqa töhfə veririk. Bu gün sivilizasiyalar arasında münasibətlərin soyuq olması böyük problemdir”,- deyə İ.Əliyev qeyd edib.
Prezident deyib ki, Azərbaycan beynəlxalq əməkdaşlığa töhfə verməyə səy göstərir.
Y.Əliyev