Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial işçiləri tərəfindən hazırda 13 min 82 nəfər tənha ahıl və əlil vətəndaş evlərində sosial-məişət xidməti ilə təmin edilir. Bu barədə ƏƏSMN-in mətbuat xidməti məlumat verir.
Xidmətlə təmin olunanların 10 min 852 nəfəri yaşı 70-dən yuxarı olanlardır.
Evlərində xidmət göstərilənlərin 8 min 155 nəfəri şəhər və qəsəbələrdə, qalanları isə kənd yerlərində yaşayır. Şəhər və şəhər tipli qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir.
Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılması, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə köməklik göstərirlər.
R.Babayev