Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinən “Oskar Qrup” MMC tikinti şirkətinin direktoru Muxtar Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmədən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata əsasən, Bakı şəhər sakini Amid Hacıyevin “Oskar Qrup” MMC-nin direktoru Muxtar Bayramovun qanunsuz hərəkətlərinə dair Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciəti ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib. M.Bayramov A.Hacıyevə “Bank Standart” Kommersiya Bankının filialına müdir təyin etdirəcəyini vəd edərək aldatma yolu ilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşdıqları 50.000 manat pulun 10.000 manatını 9 mart 2012-ci il tarixdə MMC-nin Bakı şəhərində yerləşən inzibati binasında alarkən cinayət başında yaxalanıb. Onun Bakı şəhərində yaşadığı mənzilindən A.Hacıyevə məxsus diplom, əmək kitabçası, hərbi bilet və iki ədəd fotoşəkili aşkar edilərək götürülüb.
Bundan başqa, istintaq zamanı müəyyən olunub ki, MMC rəhbərliyi şirkətin Qaradağ rayonunun Sahil qəsəbəsində tikdiyi evlərdə mənzil alan 100-dən çox vətəndaşı da aldadıb.
Məhkəmənin hökmü ilə M.Bayramov 13 il müddətinə azadlıqdan məhrum edilib.
C.Həmidov