Oktyabrın 29-da Milli Məclisin sədri Oqtay Əsədov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qətər dövlətinin ölkəmizdəki səfiri Mübarək bin Fəhd əl-Tanini qəbul edib.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, o, Azərbaycanın Qətərlə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.
Sədrin sözlərinə görə, Azərbaycan və ərəb xalqlarının dini, mədəni bağlılığı, bir çox beynəlxalq problemlərlə əlaqədar mövqelərimizin üst-üstə düşməsi münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradır.
O.Əsədov qeyd edib ki, Azərbaycan və Qətər arasında genişlənən ikitərəfli əlaqələr iki xalq arasında dost münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.
“Əlaqələrin dərinləşməsində parlamentlər böyük rol oynayır. Bu gün Milli Məclisdə Qətərlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Beynəlxalq qurumlarda deputatlarımızın mütəmadi görüşləri və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi mənafelərə xidmət edir”, – deyə O.Əsədov bildirib.
Sədr iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsini günün tələbi hesab etdiyini söyləyib. Bildirilib ki, hər iki ölkənin iş adamları arasında görüşlərin təşkili, tərəflərin iqtisadi imkanları barədə təqdimatların keçirilməsi, ticarət sahəsində xüsusi proqramın hazırlanması bu sahədə əlaqələrimizə dəyərli töhfə verə bilər.
O, iki ölkə arasında elm, təhsil, mədəniyyət və turizm sahələrində də əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirib.
Mübarək bin Fəhd əl-Tani təmsil etdiyi dövlətin Azərbaycana böyük maraq göstərdiyini və həyatın müxtəlif sahələrində əlaqələri genişləndirmək əzmində olduğunu diqqətə çatdırıb.
R.Babayev