Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya üçün “bir nömrəli sülhməramlı vəzifə” olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Moskva
Dövlət Universitetinin İnformasiya-Analitik Mərkəzinin baş direktorunun müavini Andrey Petrov bildirib.
“Şübhəsiz ki, münaqişəni yalnız onun iştirakçıları olan Bakı və İrəvan nizamlaya bilərlər, ancaq yəqin ki, Moskva diplomatik arsenalını “dondurulmuş” münaqişənin nəhayət “əriməsi” və tamamilə həll olunması üçün istifadə edir”, - deyə ekspert qeyd edib.
O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya üçün ikiqat qələbə olacaq. “Regional səviyyədə ölkə Cənubi Qafqazda uzun illər ərzində davam edən gərginlik ocağını söndürəcək və xalqlara dinc yaşamağa imkan verəcək, dünya səviyyəsində isə ziddiyyətləri sülh yolu ilə həll etmək bacarığını bir daha nümayiş etdirəcək. Yəni təkcə Azərbaycan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməsini gözləmir, həm də Rusiyanın özü nizamlanmanı səbirsizliklə gözləyir”, - deyə o bildirib.
Azərbaycan-Rusiya münasibətlərinə toxunan ekspert qeyd edib ki, Azərbaycan Moskva üçün münasibətləri möhkəm strateji tərəfdaşlıq səviyyəsinə qədər möhkəmləndirməyin lazım olduğu müttəfiq ölkələr siyahısında birincidir və burada təəccüblü heç nə yoxdur. “Azərbaycanda iki amil cəmləşir: iqtisadi mənada Azərbaycan postsovet məkanında inkişaf edən ölkələrdən biridir, geosiyasi mənada isə münasibətlərin yaxşılaşması üçün hələ də imkanların olduğu Avropa qonşularımızdan sonuncusudur”, - deyə o vurğulayıb.
A.Petrovun sözlərinə görə, dünyanın iri oyunçularının qarşıdurmasında “Azərbaycanın İsveçrə bitərəfliyi” və digər dövlətlərlə qarşılıqlı iqtisadi əlaqələrin siyasi əlaqələrdən daha üstün tutulması Rusiyaya onunla qarşılıqlı faydaya əsaslanan ciddi ikitərəfli münasibətlər qurmağa imkan verir. “Sözsüz ki, iki ölkə rəhbərlərinin bir çox məsələlərə dair mövqelərinin oxşarlığı buna yardım edir, istər Xəzər mövzusu və ya Yaxın Şərqdə hadisələrin qiymətləndirilməsi, istər çoxəsrli mədəni və milli əlaqələr olsun. Rusiyanın bu il Azərbaycana maksimum diqqət ayırması deyil, bunun daha əvvəl edilməməsi təəccübləndirir. Axı Bakı Moskvanın təbii müttəfiqidir, hətta əgər Avrasiya inteqrasiya layihələrində iştirak etməyə tələsməsə belə”, - deyə A.Petrov vurğulayıb.
F.Hüseynzadə