Bu gün Azərbaycan və Türkiyə regionda ən nüfuzlu ölkələrdir. Bu barədə Azərbaycanın baş nazirinin müavini Abid Şərifov Türkiyənin milli bayramı - Respublika gününün 91 illiyinə həsr olunan tədbirdə bəyan edib.
“Azərbaycan və Türkiyə regional proseslərin ən fəal və əsas iştirakçılarıdır. Və regionda son söz onlara məxsusdur. Hər iki ölkə iqtisadi və enerji imkanlarından, o cümlədən ikitərəfli və regional əməkdaşlığın genişləndirilməsi üçün geosiyasi mövqelərindən səmərəli istifadə edir”, - deyə A.Şərifov bildirib.
O, Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikasından məmnunluq ifadə edib.
“Azərbaycan və Türkiyə arasında əməkdaşlıq inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Belə də olmalıdır, çünki bizi tarixi köklər və mədəni əlaqələr birləşdirir, bizim ümumi milli və beynəlxalq maraqlarımız var”, - deyə baş nazirin müavini vurğulayıb.
O, iki ölkə arasında mal dövriyyəsinin həcminin sürətlə artdığını nəzərə çatdırıb.
“Azərbaycan və Türkiyə arasında hərbi-texniki, humanitar və elmi-texniki əməkdaşlıq da dinamik inkişaf edir. Elm, təhsil, mədəniyyət sahələrində müntəzəm olaraq tədbirlər keçirilir”, - deyə A.Şərifov əlavə edib.
F.İsazadə