Azərbaycanda “Hesablama Palatası haqqında” qanunun yeni redaksiyası hazırlanıb. Bu barədə Hesablama Palatasından məlumat verilib.
Qanun layihəsi Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Dünya Bankının idarəçiliyi ilə həyata keçirilən “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsi (CAPSAP) üzrə tapşırıq qrupu ilə görüşü zamanı müzakirə edilib.
Həmçinin tərəflər layihənin müxtəlif komponentlərinin yerinə yetirilməsi, xüsusilə Hesablama Palatasının 2012-2014-cü illər üzrə Strateji İnkişaf Planının həyata keçirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi sahəsində məsləhətçi xidmətlərinin göstərilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Məlumatda qeyd edilir ki, Dünya Bankının nümayəndə heyəti CAPSAP layihəsinin tamamlanma mərhələsində olduğunu deyib.
Görüşdə Hesablama Palatası ilə gələcəkdə yeni əməkdaşlıq imkanları və istiqamətləri barədə fikir mübadiləsi də aparılıb.
Qüvvədə olan “Hesablama Palatası haqqında” qanun 1999-cu ildə qəbul edilib.
A.Axundov