“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyanın Bakı-Krasnoyarsk-Bakı marşrutu üzrə uçuşlar həyata keçirən “Taymır” aviaşirkətinə (NordStar Airlines) uçuş vaxtını dəyişməyi təklif edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.
“Noyabrın 1-dən beynəlxalq müntəzəm reyslər Heydər Əliyev hava limanının yeni 1 saylı terminalından həyata keçiriləcək. Bu səbəbdən təyyarələrin qəbulu qrafikində sıxlıq yaranacaq. Buna görə də biz “Taymır” aviaşirkətinə reyslərin vaxtının dəyişdirilməsini təklif etdik”,- deyə M.Səfərli bildirib.
Hazırda Bakı-Krasnoyarsk-Bakı marşrutu üzrə reyslər həftənin bazar ertəsi günləri saat 06:30-da və çərşənbə günləri saat 16:20-də həyata keçirilir.
M.Səfərli qeyd edib ki, Rusiya aviaşirkətinə uçuşları bu qrafik üzrə həyata keçirmək təklif olunur: Bakıya çatma vaxtı - saat 14:20 (yerli vaxtla), Bakıdan yola düşmə vaxtı saat 15:50. “Əgər bizim təklifimiz onları qane etsə, o zaman bu şirkət Bakı-Krasnoyarsk-Bakı marşrutu ilə uçuşları davam etdirə biləcək”, - deyə o əlavə edib.
Rusiya KİV-lərinin məlumatına əsasən, oktyabrın 29-da şirkət aviareysini yerinə yetirə bilməyib. Sərnişinlərə isə biletin qaytarılması və ya uçuş vaxtının başqa tarixə keçirilməsi təklif edilib.
“Taymır”ın rəsmi məlumatına görə, 2014-2015-ci illər payız-qış dövrünün uçuş cədvəlinin razılaşdırılması zamanı Azərbaycan tərəfi son anda birtərəfli qaydada Rusiya şirkətinin uçuşuna icazə verilməsini rəsmiləşdirməkdən imtina edib.
A.Əzizov