İsveç parlamentinin sədri Urban Ahlin Azərbaycana rəsmi səfərə dəvət alıb. Bu barədə “AzərTAc” dövlət informasiya agentliyi məlumat verir.
İsveç parlamentinin sədrinə dəvət təklifini Azərbaycanın bu ölkədəki səfiri Adış Məmmədov təqdim edib. U.Ahlin isə bu səfərin 2015-ci ildə reallaşmasının mümkün ola biləcəyini qeyd edib.
İsveç parlamentinin sədri Dağlıq Qarabağ münaqişəsinin bütün Avropa dövlətləri kimi, ölkəsi üçün də narahatlıq doğurduğunu söyləyib.
O, İsveç ilə Azərbaycan arasında siyasi əlaqələrin inkişafından bəhs edərək, bu əlaqələrin gələcəkdə daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində azərbaycanlı diplomat Bakının Stokholm ilə ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edərək, parlamentlərarası əlaqələrin bu məsələdə mühüm yer tutduğunu diqqətə çatdırıb.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlara toxunan A.Məmmədov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrdə erməni hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması birmənalı şəkildə tələb edildiyi halda rəsmi Yerevan həmin qətnamələrə məhəl qoymur.
R.Babayev