Küveyt Azərbaycana informasiya-kommunikasiya texnologiyaları sahəsində (İKT) gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Texniki Qrupun yaradılmasını təklif edir.
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin məlumatına görə, bu təkliflə Küveytin informasiya naziri və gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah Bakıda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşü zamanı çıxış edib.
Küveytli nazir ölkəsinin İKT sahəsində strategiyası və bu sahədə aparılan dövlət siyasəti haqda söz açıb.
“O, həmçinin əlaqələrin inkişafı baxımından Azərbaycanla Küveyt arasında Texniki Qrupun yaradılması və İKT sektorunda gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması təşəbbüsü ilə də çıxış edib”, - deyə məlumatda deyilir.
Bundan başqa, Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah dekabr ayında Bakıda keçiriləcək “Bakutel” sərgisində ölkəsinin şirkətlərinin iştirak etməkdə maraqlı olduğunu söyləyib.
A.Əzizov