Azərbaycanın əməkdar artisti Fərqanə Qasımova Vyanada təşkil olunan “Salam Orient” (Salam Şərq) festivalı çərçivəsində solo konsert proqramı ilə çıxış edib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Vyananın mərkəzində yerləşən “Odeon” teatrında keçirilən konsertdən əvvəl çıxış edən festivalın təşkilatçısı və bədii rəhbəri Norbert Ehrlix rəhbərlik etdiyi festivalda Azərbaycan musiqisinin yenidən səslənməsindən məmnun olduğunu diqqətə çatdırıb. O, konsertin ərsəyə gəlməsində göstərdiyi təşkilati dəstəyə görə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
N.Ehrlix qeyd edib ki, o, Şərq dünyası ilə daim maraqlanan bir insan kimi Azərbaycan musiqi mühiti ilə yaxından tanışdır və xalq artisti Alim Qasımovun sənətinin daimi izləyicilərindəndir. Bu əlaqələrin tarixinə toxunan N.Ehrlix A.Qasımovun 1999-cu ildə Beynəlxalq UNESCO Musiqi Mükafatı ilə təltif olunmasından sonra Vyanada onun rəhbərlik etdiyi festival çərçivəsində konsert proqramı ilə çıxış etdiyini məmnunluqla xatırlayıb.
A.Qasımovun yaradıcılığı barədə tamaşaçılara məlumat verən N.Ehrlix zaman keçdikcə muğam ustadının öz tələbəsi və qızı F.Qasımova ilə birgə ifalarının muğam dünyasına yeni rəng, yeni nəfəs qatdığını bildirib.
F.Qasımova konsertdə “Dəli Kür” filmindən mahnı, “Dilkeş” təsnifi, “Bayatı-Şiraz” muğam dəstgahı, bəstəkar Emin Sabitoğlunun “Arzular” mahnısını, eləcə də Azərbaycan muğam musiqisinin digər incilərini səsləndirib. İfaçını tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət ediblər.
Sonra konsertə xüsusi qonaq qismində qatılan A.Qasımov tamaşaçıların təkidi və sürəkli alqışları ilə səhnəyə çıxıb və F.Qasımova ilə birgə eyni səhnəni bölüşüb.
Qeyd edək ki, Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ifaçısı A.Qasımov və əməkdar artist F.Qasımova Vyanaya səfərdən əvvəl “El Servantino” Beynəlxalq festivalı çərçivəsində Meksikanın Mexiko, Merida, Qvadalaxara və Quanaxuato şəhərlərində konsert proqramları ilə çıxış ediblər.
A.Zeydullayeva