Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) öz rəsmi veb saytında “Bakı-2015” Avropa Oyunları idman azarkeşlərinin gələn ilin yayında keçiriləcək yarışlara bilet ala bilməsi üçün Qeydiyyat səhifəsini açıq elan edir. Bu barədə BEGOC-un mətbuat xidməti məlumat verir.
Beynəlxalq və azərbaycanlı idman azarkeşləri veb sayta daxil olaraq “Bakı-2015” Avropa Oyunlarının idman proqramı üzrə nəzərdə tutulan biletlərdə edilən yenilikləri və son xəbərləri öyrənmək imkanı əldə edirlər.
Oyunlara dair məlumatlar qeydiyyatdan keçən hər kəsin mütəmadi olaraq e-mail ünvanına göndəriləcək. Geniş ictimaiyyət üçün bilet satışı rəsmi olaraq 2015-ci ildə başlanacaq.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir.
Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev