Bu ilin əvvəlinədək növbədə olan əlil və şəhid ailələri 2014-2018-ci illərdə mənzillə tam təmin ediləcəklər. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun verdiyi xəbərə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün İsmayıllı rayonunda vətəndaşları qəbul edərkən məlumat verib.
“Yaxın vaxtlarda isə bir sıra rayonlarda, həmçinin Şamaxı rayonunda yeni çoxmənzilli yaşayış binası bu təbəqələrdən olan insanlara təqdim olunacaq”,- deyə nazir qeyd edib.
Qəbul zamanı İsmayıllı, Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından olan 50-yə yaxın vətəndaşın müraciəti dinlənilib.
Müraciətlərdə əlil və şəhid ailələrinin mənzillə təminatı, habelə minik avtomobili ilə təmin olunmaq üçün növbəyə yazılma, əlilliyi olan şəxslərin məşğulluğunun təminatı, onların peşə reabilitasiyası, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi, əlilliyin müəyyən olunması və digər məsələlər öz əksini tapıb.
S.Müslümov vətəndaşların toxunduqları məsələlərin nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq aidiyyəti üzrə tədbirlər görülməsi, həmçinin müraciətlərinə əsasən bir qisim vətəndaşın əlillik müayinəsinə cəlb edilməsi barədə tapşırıq verib.
İ.Əhmədov