«Rəy» Monitorinq Mərkəzinin keçirdiyi ictimai rəy sorğusu göstərdi ki, Bakı əhalisi hakimiyyətin tövsiyəsi ilə israfçılığa qarşı başlanan mübarizəni müsbət qiymətləndirir.
İlk növbədə sorğu respondentlərin bu məsələdən xəbərdarlığının yüksək səviyyədə olmasını göstərdi: rəyi soruşulanların cəmi 5%-i bu barədə ilk dəfə eşitdiklərini, qalan 95%-i isə bu barədə məlumatlı olduğunu deyib. Həm də respondentlərin 75%-i israfçılığa qarşı mübarizə haqqında, ilk növbədə televiziya və radiodan xəbər tutub. Hər 5 nəfərdən biri isə bu barədə dostlardan, qohum-qonşudan eşidib.
Sorğu nəticələrinin təhlili göstərir ki, hakimiyyətin bu təşəbbüsü cəmiyyətdə müsbət qarşılanıb və maraq doğurub. Bütövlükdə Bakı sakinlərinin 73%-i sözügedən mübarizənin zəruriliyini vurğulayıb. Anketin müvafiq sualına cavab verərkən, respondentlərin 46%-i «tam razıyam, axır ki, bu həyati vacib məsələdə qayda-qanun yaratmağa başladılar» cavabını seçib, 27% isə bu mübarizəni dəstəkləyib və haqlı olaraq qeyd edib ki, «bu, vacib və lazımlı bir işdir». Daha 12% israfçılığa qarşı tədbirləri bir şərtlə dəstəkləyir ki, «onlar qanun çərçivəsində aparılsın və məmurların özbaşınalığına rəvac verməsin». 9% belə bir mübarizənin aparılmasının əleyhinədir. Onların fikrincə, «bu, hər kəsin şəxsi işidir və dövlət buna müdaxilə etməməlidir». «Mübarizə lazımdır, lakin əmin deyiləm ki, məhz belə aparılmalıdır» cavab variantını isə rəyi soruşulanların 4%-i seçib. Respondentlərin 3%-i bu suala cavab verməkdə çətinlik çəkib və bu göstəricinin kiçikliyi onu göstərir ki, insanlar baş verənlərə biganə deyil.
Bu həssas sahəni kimin tənzimləməli olduğu barədə suala verilən cavablar da diqqət çəkir. Bakı sakinlərinin əksəriyyəti (təxminən 60%) birmənalı olaraq bu sahənin əsas «tənzimləyici»si qismində dövləti görür. Qalan 40% respondent bu missiyanı Qafqaz Müsəlmanları İdarəsinin üzərinə qoyur.
Yas günlərinə gəldikdə isə sorğunun nəticələri göstərir ki, ictimai rəy əsasən 3 və 40 mərasimlərinin, daha sonra isə ildönümünün qeyd olunmasına tərəfdardır.
Bakı sakinləri «cümə axşamları»nın qeyd olunmasını «soyuq» qarşılayır. Bu yaxınlaradək norma kimi qəbul edilən bu mərasimin keçirilməsini indi 61% respondent vacib saymır. Bəzi yerlərdə keçirilən 52 mərasimini isə ümumiyyətlə əksəriyyət qəbul etmir. Rəyi soruşulanların 67%-i bu mərasimi vacib saymır və cəmi 7% bunun keçirilməsini mümkün və ya mütləq hesab edir.
Vacib bir məqama diqqət yetirək: rəyi soruşulanların tam əksəriyyəti (89%) ehsan menyularının minimuma endirilməsinə tərəfdardır (çay, halva, pendir, çörək, göyərti). Bu təklifi 67% tam, 22% isə qismən dəstəkləyir.
Məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsi mollalara israfçılığa yol verilən məclislərə qatılmamağı məsləhət görüb.
Lakin son iki-üç həftə ərzində israfçılığa yol verilən yas məclisində olmuş paytaxt sakinlərinin 55%-i həmin məclislərin mollaların iştirakı ilə baş tutduğunu vurğulayıb.
Rəyi soruşulanların yarısı QMİ-nin bu “nəsihətlərinin” israfçılığa qarşı mübarizədə kömək edəcəyini hesab edir.
Yeri gəlmişkən, «Rəy» Monitorinq Mərkəzinin intervyuerləri yas sahibləri adı altında bəzi mərasim zalları və məscidlərə də baş çəkiblər.
Məlum olub ki, mərasim zalları yemək sifariş vermək istəyən şərti «yas sahibləri»nin məclislərini molla ilə təmin etməkdən imtina etdiyi halda, Qafqaz Müsəlmanları İdarəsinin məscidlərində vəziyyət bunun tam əksinədir.
Məscidlərdə açıq etiraf ediblər ki, onların «müştəriləri» üçün heç bir məhdudiyyət yoxdur və lazım olarsa, istənilən məbləğə ehsan süfrəsi açıb, məclisə molla göndərə bilərlər.
Eyni zamanda bələdiyyəyə məxsus mərasim evində xidmət göstərən mollalardan biri 2 min manat cərimələnmək təhlükəsi qarşısında ehsan məclisini aparmaqdan imtina edib.
Bu yerdə respondentlərdən birinin dediyi skeptik bir fikir tam yerinə düşür. Onun fikrincə, yas mərasimləri sadəcə biznes deyil, böyük biznesdir. Məscidlər mərasim zallarının açılmasına külli miqdarda vəsait sərf ediblər və sadəcə tövsiyə, bəyanat və cağırışlarla bu işi yoluna qoymaq olmayacaq.
Hesabat Bakı sakinlərinin toy və yas mərasimlərinə münasibətini öyrənmək məqsədilə «Rəy» Monitorinq Mərkəzinin 2014-cü il oktyabrın 4-7-də keçirdiyi ictimai rəy sorğusunun əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə metodu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 1300 nəfərə yaxın paytaxt sakini cəlb olunub. Hesabatın statistik nisbi xətası 3,4%-ə qədərdir.
F.Hüseynzadə