Azərbaycan müdafiə təyinatlı məhsul istehsalını artırıb. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalovun sədrliyi ilə keçirilən Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2014-cü ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya iclasında qeyd edilib.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hesabat dövründə nazirliyin müəssisələrində müdafiə təyinatlı məhsulların çeşidlərinin sayı 1,3 dəfə artıb.
2014-cü ilin doqquz ayında nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 86%-ni müdafiə və xüsusi təyinatlı, 14%-ni isə mülki təyinatlı məhsullar təşkil edib.
2014-cü ilin Yaradılma Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən 66 mövzunu və 169 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri aparılır.
Cari ildə Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 1-ci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi - “ADEX-2014” keçirilib. Sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika və s. ölkələr daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edib.
Azərbaycan “ADEX-2014” sərgisində 168 adda məmulat nümayiş etdirib.
R.Babayev