1 noyabr 2014-cü il tarixindən şəxsi istifadə, həmçinin satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə Azərbaycana gətirilən mobil cihazların qeydiyyatı ödənişli olacaq. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı üçün 5 manat, satış üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyatı üçün isə 0,2 manat vəsait tələb olunacaq.
Mobil cihazların poçt şöbələri tərəfindən, “Elektron hökumət” portalı (www.e-gov.az) və www.imei.az üzərindən elektron qeydiyyatı aparılacaq. Mobil cihazların qeydiyyata alınması proseduru 48 saatdan 24 saat müddətinə endirilib.
Xəbər verildiyi kimi, 1 may 2013-cü il tarixindən Azərbaycanda mobil cihazların qeydiyyat sistemi (MCQS) işə salınıb. Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (Azərbaycanın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihaz 30 gün müddətində qeydiyyata alınmalıdır. Bu günə kimi cihazların qeydiyyatı ödənişsiz olub.
A.Əzizov