Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) 4 noyabr Aşura günü ilə bağlı müəyyən tədbirlər hazırlayıb və onların icrasına başlayıb. Bu barədə komitənin sədri Mübariz Qurbanlı cümə günü ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirədə məlumat verib.
M.Qurbanlının sözlərinə görə, komitə, həmçinin Bakı, Gəncə və Qəbələ şəhərlərində 16 noyabr Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirlər təşkil etməyi planlaşdırır.
Müşavirədə vurğulanıb ki, Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımız da anılmalıdır.
İmam Hüseynin faciəvi şəkildə qətli hicri təqvimi ilə Məhərrəm ayının ilk ongünlüyündə baş verib. Hicri təqvimi ilə 61-ci il Məhərəm ayının 10-cu günü (680-ci il 10 oktyabr) İmam Hüseyn və 72 silahdaşı İraqın Kərbəla şəhərində xəlifə Yezidin çoxminlik ordusu ilə döyüşdə öldürülüb.
O, hakimiyyətin xəlifə Yezid tərəfindən qəsb edilməsinə, İslam prinsiplərinin təhrif edilməsinə etiraz olaraq din uğrunda şəhadət yolunu seçib.
Ərəb dilindən tərcümədə “onuncu” mənasını verən Aşura günü ilə bağlı bir çox dini rəvayətlər var. Rəvayətə görə, göy, yer, mələklər və ilk insan Adəm həmin gün yaradılıb. Aşura günü Nuh peyğəmbər daşqından sonra ilk dəfə torpağa qədəm basıb, Yaqub peyğəmbər və Yusif peyğəmbər uzun ayrılıqdan sonra görüşüblər, İbrahim peyğəmbər dünyaya gəlib, Allahın əmri ilə Qırmızı dəniz Musa peyğəmbərin qarşısında iki yerə ayrılıb və o, Fironun təqibindən xilas olub, İsa peyğəmbər göylərə çəkilib. Həmçinin dünyanın sonunun da Aşura günü gələcəyi bildirilir
F.İsazadə