Azərbaycan Mərkəzi Bankı (AMB) 4 kredit ittifaqının - "Aslanlı", "Mıxlıqovaq", "Maliyyə Kredit İttifaqı" və "Nofəl Kredit İttifaqı"nın məhdud bank fəaliyyəti üçün lisenziyalarını ləğv edib. Bu barədə AMB-nin məlumatında deyilir.
“Həmin kredit ittifaqlarının lisenziyaları 2013-cü il ərzində auditor rəyi ilə təsdiq olunmuş maliyyə hesabatını, eləcə də son iki hesabat dövrü ərzində fəaliyyətlərinin yekunlarına dair hesabatı üzrsüz səbəbdən AMB-yə təqdim etməmələri ilə əlaqədar ləğv edib”, - deyə məlumatda qeyd edilir.
"Aslanlı" kredit ittifaqı (Yardımlı rayonunda fəaliyyət göstərir) 2 iyul 2004-cü ildə, "Mıxlıqovaq" kredit ittifaqı (Qəbələ rayonu) 30 iyun 2006-cı ildə, "Maliyyə Kredit İttifaqı" (Bakı, Xəzər rayonu) 18 fevral 2011-ci ildə, "Nofəl Kredit İttifaqı" (Şəki şəhəri) 23 may 2011-ci ildə fəaliyyət üçün lisenziya əldə edib.
Kredit ittifaqlarının lisenziyalarının ləğv edilməsinə dair AMB-nin qərarı 28 oktyabr tarixində qəbul edilib. Qərar qəbul edildikdən 10 gün sonra qüvvəyə minir.
Bu kredit ittifaqlarına ləğvetmə komissiyası yaratmaq tapşırılıb.
AMB-nin məlumatına görə, 1 oktyabr 2014-cü il tarixinə 113 kredit ittifaqı fəaliyyət üçün lisenziyaya malikdir.
A.Əzizov