“Azər-Türk Bank” bazar ertəsi 36 mln. 552,682 min manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilməsinə başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Xəbər verildiyi kimi, səhmlərin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 3,7 dəfə - 50 mln. manata qədər artacaq.
“Bankın əlavə emissiyadan olan səhmləri BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilib. “Azər-Türk Bank” noyabrın 3-dən səhmlərin yerləşdirilməsinə başlayır”, - deyə BFB-nin nümayəndəsi bildirib.
Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 1 manat olan 36 mln. 552,682 min ədəd səhmə bölünüb.
Əlavə emissiyadan olan səhmlərin yerləşdirilməsinin anderrayteri "İnvest-Az" MMC-dir.
Səhmlərin yerləşdirilməsi 2014-cü il noyabrın 14-də başa çatmalıdır.
Hazırda bankın nizamnamə kapitalı 13 mln. 447,318 min manata bərabərdir.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Hazırda bankın səhmlərinin 50%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 46%-i Türkiyənin "T.C.Ziraat Bankası"na, 4%-i isə "Ziraat Bank Intenational AG"yə (Almaniya) məxsusdur.
A.Əzizov