Bakı ilə Ankara arasında ikitərəfli münasibətlər ən müxtəlif səviyyələrdə inkişaf edir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Bakıda “Türkiyə həftəsi” çərçivəsində təşkil olunmuş “Azərbaycan-Türkiyə münasibətləri yeni kontekstdə” mövzusunda konfransda çıxışı zamanı bildirib.
“Müxtəlif səviyyələrdə həyata keçirilən səfərlər, müxtəlif sahələrdə imzalanan sazişlər, reallaşdırılan layihələr bunu sübut edir”, - deyə Azərbaycan beyin mərkəzinin rəhbəri qeyd edib.
O, iki ölkənin ekspertlər birliyinin nümayəndələrinin ikitərəfli əlaqələrin dərinləşməsi və genişlənməsində vacib rol oynadığını deyib.
“İkitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından bizim üzərimizə böyük məsuliyyət düşür”,- deyə F.Məmmədov vurğulayıb.
Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Rəsul Usul iki dövlət arasında sıx əməkdaşlığın inkişaf etdirilməsinin böyük əhəmiyyətə malik olduğunu söyləyib.
“Azərbaycanın inkişafı bizim tərəfimizdən Türkiyənin inkişafı kimi qiymətləndirilir və Azərbaycan da bizə qarşı eyni münasibəti göstərir. Azərbaycan və Türkiyə arasında əməkdaşlığın inkişafı müxtəlif sahələri, o cümlədən iqtisadiyyatı əhatə edir”, - deyə o qeyd edib. Ə.Usul Trans-Anadolu boru kəmərinin (TANAP), eləcə də “Bakı-Tbilisi-Qars” və “Naxçıvan-Türkiyə” dəmir yolu layihələrini fəal əməkdaşlığa nümunə kimi göstərib.
“Ölkələrimiz arasındakı münasibətlər zamanın sınağından keçib. Biz bir-birimizin uğurlarını öz uğurumuz kimi qəbul edirik”, - deyə Ə.Usul bildirib.
Bununla yanaşı, Türkiyə beyin mərkəzinin rəhbəri ekspert birliyinin iştirakı ilə birgə strateji nəzəriyyənin işlənib hazırlanmasının vacibliyini qeyd edib.
R.Babayev