1 oktyabr 2014-cü il tarixinə bankların Bakı sakinlərindən cəlb olunan əmanətlər üzrə portfeli 6 mlrd. 430 mln. 8,7 min manat təşkil edir ki, bu da ilin əvvəlinə olan göstəricidən 8,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2014-cü il oktyabrın 1-nə əhalinin bütün bank əmanətlərinin 92,39%-i Bakı sakinlərinin əmanətlərinin payına düşür.
Bakıda əhalidən əmanətlər orta illik hesabla 8,1%-lə qəbul edilib, respublika üzrə bu göstərici 8% təşkil edib.
Ümumilikdə paytaxt sakinləri əmanətlərini milli valyuta ilə yatırmağa üstünlük verirlər. Milli valyuta ilə əmanətlərin payına 4 mlrd. 14 mln. 175,8 min manat və ya Bakı üzrə bütün əmanətlərin 62,4%-i düşür. Xarici valyuta ilə əmanətlərin payına 2 mlrd. 415 mln. 832,9 min manat və ya Bakı üzrə bütün əmanətlərin 37,6%-i düşür.
Paytaxtda banklar əhalidən xarici valyuta ilə əmanətləri orta illik hesabla 8,8%, milli valyuta ilə 7,6% dərəcəsi ilə qəbul edib.
1 oktyabr 2014-cü il tarixinə Azərbaycanın regionlarında banklar əhalidən 529 mln. 657,2 min manat məbləğində əmanət cəlb edib, bu isə ilin əvvəlinə olan göstəricidən 11,4% çoxdur.
Regionlarda daha çox Abşeron iqtisadi rayonunun əhalisi pullarını banklarda saxlamağa üstünlük verir. 2014-cü il oktyabrın 1-nə Abşeron iqtisadi rayonundakı banklarda əhalinin əmanətləri orta illik hesabla 8,6% dərəcəsi ilə 166 mln. 209,3 min manat təşkil edir.
Banklar Gəncə-Qazax iqtisadi rayonunun sakinlərindən 57 mln. 350 min manat (orta illik hesabla 5,8% dərəcəsi ilə), Aran iqtisadi rayonunun sakinlərindən 160 mln. 422,1 min manat (illik 7,6% dərəcəsi ilə) əmanət cəlb ediblər.
Qalan əmanətlər respublikanın digər iqtisadi rayonlarının əhalisinin payına düşür.
Bakıda olduğu kimi, regionlarda da əhali əmanətlərini milli valyuta ilə qoymağa üstünlük verir.
A.Axundov