İnzibati Xətalar Məcəlləsinə sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə bağlı qanunvericiliyin pozulmasına görə cərimələrin məbləğini müəyyən edən dəyişikliklər qüvvəyə minib.
Məcəlləyə dəyişikliklərin mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc edilib.
Məcəlləyə əlavə edilən 348-8.1-ci maddəyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmayan yoxlamanın keçirilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək miqdarda cərimə edilir.
348-8.2-ci maddəyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulmasına, yəni: sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlamanın nəticələri barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatın həmin səbəblər göstərilməklə vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə; yoxlayıcı orqan tərəfindən yoxlamanın dayandırılması və ya sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək miqdarda cərimə edilir.
348-8.3-cü maddəyə əsasən, bu Məcəllənin 348-8.1-ci və 348-8.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, yoxlayıcı orqan və ya yoxlayıcı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 1500 manatadək miqdarda cərimə edilir.
348-8.4-cü maddədə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslərin 1000 manatdan 1500 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulur.
A.Əzizov