Çərşənbə axşamı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri hadisə yerindən məlumat verir.
Aksiyada QMİ sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, eləcə də hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri iştirak ediblər.
Bu gün Aşura günü ilə əlaqədar Azərbaycanın 14 məscid və ziyarətgahında qanvermə aksiyaları keçirilir.
Artıq 15 ilə yaxındır ki, şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Aşura günü Azərbaycanda məscid və ziyarətgahlarda qanvermə aksiyaları keçirilir.
Yığılan qan gen xəstəlikləri və talassemiyadan əziyyət çəkən xəstələrin qana olan tələbatını ödəmək üçün istifadə olunur.
İndiyədək 350 nəfərə yaxın adam qan verib.
İmam Hüseynin faciəvi şəkildə qətli hicri təqvimi ilə Məhərrəm ayının ilk ongünlüyündə baş verib. Hicri təqvimi ilə 61-ci il Məhərəm ayının 10-cu günü (680-ci il 10 oktyabr) İmam Hüseyn və 72 silahdaşı İraqın Kərbəla şəhərində xəlifə Yezidin çoxminlik ordusu ilə döyüşdə öldürülüb.
O, hakimiyyətin xəlifə Yezid tərəfindən qəsb edilməsinə, İslam prinsiplərinin təhrif edilməsinə etiraz olaraq din uğrunda şəhadət yolunu seçib.
Ərəb dilindən tərcümədə “onuncu” mənasını verən Aşura günü ilə bağlı bir çox dini rəvayətlər var. Rəvayətə görə, göy, yer, mələklər və ilk insan Adəm həmin gün yaradılıb. Aşura günü Nuh peyğəmbər daşqından sonra ilk dəfə torpağa qədəm basıb, Yaqub peyğəmbər və Yusif peyğəmbər uzun ayrılıqdan sonra görüşüblər, İbrahim peyğəmbər dünyaya gəlib, Allahın əmri ilə Qırmızı dəniz Musa peyğəmbərin qarşısında iki yerə ayrılıb və o, Fironun təqibindən xilas olub, İsa peyğəmbər göylərə çəkilib. Həmçinin dünyanın sonunun da Aşura günü gələcəyi bildirilir
F.İsazadə