Ermənistan tərəfinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması dövlətin müstəsna hüququdur. Qafqaz Müsəlmanları İdarəsi isə bütün ermənilərin katolikosu II Qareqinin adına müvafiq müraciət ünvanlayaraq bu işə yalnız töhfə verə bilər. Bu barədə jurnalistlərə QMİ sədri Allahşükür Paşazadə bəyan edib.
“Bu məsələ dövlətin səlahiyyətindədir, ancaq mən öz tərəfimdən xahiş edə bilərəm”, - deyə A.Paşazadə bildirib.
O qeyd edib ki, bu yaxınlarda Moskvanın və bütün
Rusiyanın patriarxı Kirillə Moskvada keçirilən görüşdə bu məsələni qaldırıb.
“Gələcəkdə patriarx Kirilin yardımı ilə erməni katolikosu ilə görüşün təşkili mümkündür. Həmin görüşdə bu məsələ qaldırıla bilər. İmkan dairəsində biz girovların qaytarılması işinə öz töhfəmizi verməyə çalışacağıq. Bir daha qeyd edim ki, hüquqi tərəf vətəndaşlarının hüquqlarını müdafiə etməli olan dövlətin səlahiyyətindədir, biz isə dövlətin tərəfindəyik”, - deyə şeyx vurğulayıb.
Ş.Quliyev və D.Əsgərov bu ilin iyul ayının əvvəlində işğal altında olan Kəlbəcər rayonu ərazisində erməni hərbçilər tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb.
Ermənistan tərəfi bu şəxslərin Azərbaycanın kəşfiyyat-diversiya qrupunun üzvləri olduğunu bildirir. Lakin Azərbaycan Müdafiə Nazirliyi onların respublikanın Silahlı Qüvvələrində xidmət etməsi barədə məlumatı təkzib edib. H.Həsənovun meyiti oktyabr ayının əvvəlində Azərbaycana qaytarılıb.
F.İsazadə