Azərbaycan 2015-ci ilin yanvar ayından Çəkilər və Ölçülər üzrə Baş Konfransda (CGPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda (OIML) təmsil olunacaq. Bu barədə çərşənbə axşamı jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov məlumat verib.
Onun sözlərinə görə, ölkə birinci təşkilata assosiativ üzv, ikinciyə müxbir üzv kimi daxil olub.
“Bu təşkilatlarda üzvlük beynəlxalq Metrik Konvensiyanın, həmçinin Qarşılıqlı Tanınma Razılaşmalarının imzalanması üçün əsas olacaq ki, bu da öz növbəsində Azərbaycanda həyata keçirilən ölçmələrin nəticələrinin, həmçinin kalibrləmə sertifikatlarının beynəlxalq tanınmasını təmin edəcək”, - deyə O.Abbasov bildirib.
Bundan başqa, onun sözlərinə görə, Dövlət Komitəsinin nümayəndə heyəti 18-20 noyabr tarixlərində Fransada keçiriləcək Çəkilər və Ölçülər üzrə Baş Konfransın 25-ci iclasında iştirak edəcək (hər 4 ildən bir təşkil olunur).
O.Abbasov qeyd edib ki, Azərbaycan CGPM-yə 11,58 min avro məbləğində üzvlük haqqı ödəyəcək.
A.Axundov