Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun görüşündə iki ölkə arasında turizm sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə mövzusu olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ə.Qarayev bildirib ki, iki ölkə arasında mədəni əlaqələr xüsusi intensivliyi ilə seçilir.
Ölkəmizin mütəmadi olaraq müxtəlif beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi etdiyini xatırladan nazir bu günlərdə Bakıda beynəlxalq teatr konfransının keçirildiyini deyib, konfrans haqqında qonaqlara məlumat verib.
O, iki ölkənin mütəxəssislərinin mədəniyyət sahəsində təcrübə mübadiləsi aparmasının vacibliyini vurğulayıb.
Macarıstanın xarici işlər və ticarət naziri mədəniyyət və turizm sahəsində iki ölkə arasında əməkdaşlığın genişlənməsinin, qarşılıqlı mədəniyyət mərkəzlərinin yaradılmasının vacibliyindən söz açıb.
Qonaq Azərbaycanla Macarıstan arasında turizm sahəsində də əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu bildirib.
A.Zeydullayeva