Bir sıra hallarda Avropa Şurası da daxil olmaqla bəzi nüfuzlu beynəlxalq qurumlar ayrı-ayrı qüvvələrin üzv ölkələrə təsir və təzyiq mexanizmi funksiyasını yerinə yetirirlər. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov belə hesab edir.
“Qondarma “siyasi məhbus” məsələsinin süni şəkildə qabardılması, əsassız, qeyri-obyektiv iddialarla Azərbaycanı ləkələmək cəhdləri həm Avropa Şurası çərçivəsində əməkdaşlıq mühitinə zərbə vurur, onu öz missiyasının icrasından yayındırır, həm də bu təşkilata olan etimadı sarsıdır”, - deyə Ə.Həsənov “AzərTAc” dövlət agentliyinə verdiyi müsahibədə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın “The Guardian” nəşrində Azərbaycanda insan hüquqlarının vəziyyəti, məhkəmə sisteminin tənqidi ilə bağlı dərc olunmuş məqaləsinə münasibət bildirərkən bəyan edib.
Şöbə müdirinin sözlərinə görə, Avropa Şurasının baş katibinin məqaləsində əks olunmuş bəzi iddialar müəyyən anti-Azərbaycan qüvvələrin təsirinin nəticəsidir və heç bir əsası olmayan subyektiv mülahizələrdən başqa bir şey deyildir.
“Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib və bunu heç kim inkar edə bilməz. İstər demokratik cəmiyyət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, istərsə də məhkəmə-hüquq sistemində demokratik islahatların həyata keçirilməsi baxımından Azərbaycan Avropa Şurasına üzv dövlətlərin heç birindən geri qalmır”, - deyə Ə.Həsənov vurğulayıb.
Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmayıb.
“Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun aliliyini əsas götürürlər. Buna görə də, müəyyən maraqlara hesablanmış bəyanatlar, açıqlamalar, müsahibələr, habelə müxtəlif təsir və təzyiq metodları, ilk növbədə hüququn aliliyinə hörmətsizlik kimi qiymətləndirilə bilər”, - deyə Ə.Həsənov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında aktiv fəaliyyəti, təşəbbüskarlığı, prinsipial mövqeyi ilə seçilir, qarşısında duran bütün vəzifələri, öhdəlikləri yerinə yetirir.
“Haqlı olaraq həm Avropa Şurasının rəhbərliyindən, həm də üzv dövlətlərdən Azərbaycana qarşı adekvat münasibət gözləyirik”, - deyə Ə.Həsənov qeyd edib.
R.Babayev