Azərbaycanda minimum pensiya göstəricisi tətbiq ediləcək. Bu barədə prezident İlham Əliyevin təsdiq etdiyi “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın mətnində qeyd edilir.
Əmək pensiyasının baza hissəsinin restrukturizasiyası çərçivəsində minimum pensiya göstəricisinin tətbiq edilməsi planlaşdırılır.
Konsepsiyaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-2015-ci illərdə “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişikliklərin daxil edilməsinə dair təkliflərini ölkə prezidentinə təqdim etməlidir.
“Əmək pensiyasının baza hissəsinin restrukturizasiyası işçilərin şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq, işləyənlərin fərdi hesablarında nəzərə alınan vəsait ödənilən sığorta haqqının yarısını deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcək”, - deyə sənəddə qeyd olunur.
Fərdi hesab məlumatlarına əsasən təyin olunan pensiyaların məbləği minimum pensiya məbləğindən aşağı olduqda, pensiya hüququ üçün sığorta stajına tələb qoyulmaqla, həmin məbləğə çatdırılacaq. Təyin olunan pensiyanın məbləği minimum pensiya məbləğindən yuxarı olduğu hallarda isə sığorta stajına tələb qoyulmayacaq.
Minimum pensiya məbləğinin artımı ayrılıqda deyil, ümumi pensiya məbləğləri ilə birlikdə indeksləşdirmə qaydasında aparılacaq.
Hazırda Azərbaycanda pensiyalar baza və sığorta hissələrindən ibarətdir.
A.Axundov