14-15 noyabr 2014-cü il tarixlərində MDB-yə üzv dövlətlərin VII Bakı Beynəlxalq Bank Konfransı keçiriləcək. Bu barədə MDB-nin Maliyyə-Bank Şurasının saytında məlumat verilir.
Konfrans Azərbaycan Beynəlxalq Bankı (ABB) və MDB Maliyyə-Bank Şurası tərəfindən təşkil edilir.
Konfransın proqramı MDB ölkələrinin strateji əməkdaşlığının inkişafı, MDB ölkələrinin maliyyə-bank sistemləri, milli maliyyə bazarlarının restrukturizasiyası, birja strukturları və lizinq, həmçinin MDB ölkələrində islam maliyyələşdirməsinin inkişafı kimi məsələləri əhatə edir.
Plenar iclaslarda qlobal siyasi burulğan şəraitində MDB maliyyə bazarlarının qarşılıqlı əməkdaşlığı və onun xüsusiyyətləri; MDB ölkələrində ümumdünya və milli ödəniş sistemlərinin yaradılması və istifadəsi; maliyyə bazarları iştirakçılarının say və keyfiyyətinin inkişafı və optimallaşdırılmasında milli tənzimləyicilərin rolu; bank sektorunun kapitallaşdırılması və yenidən kapitallaşdırılması mənbələrinə, o cümlədən birja məhsullarına yeni yanaşma kimi problemlərin müzakirəsi planlaşdırılır.
Konfransın işində MDB ölkələrinin hökumət nümayəndələri, beynəlxalq inkişaf institutları, eləcə də MDB, Avropa və Asiya dövlətlərinin milli (mərkəzi) və iri bankları, biznes strukturlarının rəhbərləri və nümayəndələri iştirak edəcəklər.
A.Əzizov