Bu gün Bakıda “Teatr multikulturalizm dəyərləri sistemində” adlı ikigünlük teatr konfransı işə başlayıb.
“Bu gün teatr sənəti insanları və mədəniyyətləri birləşdirir. III Beynəlxalq Teatr Konfransında iştirak etmək üçün Bakıya 45 ölkədən 150-dən çox nümayəndə gəlib”, - deyə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, konfrans iştirakçıları bu gün dünyada teatr sənəti qarşısında duran problemləri həll edəcəklər.
1. “Azərbaycan bir sıra beynəlxalq teatr təşkilatlarının üzvüdür, Azərbaycan rəhbərliyi teatr sənətinin inkişafına böyük diqqət yetirir və "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının qəbul edilməsi bunu sübut edir”, - deyə nazir bildirib.
O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən teatrlar öz maddi-texniki bazasını möhkəmləndirir, repertuarlarnı genişləndirir, qastrol səfərlərinə gedirlər
“Son ildə teatr tamaşalarını qurmaq üçün Azərbaycana 28 xarici mütəxəssis cəlb edilib”,- deyə o bildirib.
Azərbaycanda teatrın inkişafı barədə danışan nazir ölkə üçün ağrılı bir mövzuya -Azərbaycan torpaqlarının 20%-nin işğal altında olması məsələsinə də toxunub. Bununla əlaqədar olaraq o qeyd edib ki, işğal nəticəsində Azərbaycanın mədəni-tarixi irsinin 40 mindən çox nümunəsi oğurlanıb.
Nazir, həmçinin deyib ki, bu gün ölkədə Şuşa teatrının bərpası işinə başlanılıb.
A.Zeydullayeva