Azərbaycan Gürcüstana kənd təsərrüfatı məhsullarının ixracının təşkili məqsədilə logistik mərkəz inşa etməyi təklif edir. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.
“Həm Azərbaycan, həm də Gürcüstan üçün kənd təsərrüfatı, o cümlədən emal sahəsində əməkdaşlıq önəmlidir. Biz həm hazır, həm də emal edilmiş kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükündə maraqlıyıq. Gürcüstana kənd təsərrüfatı məhsullarının fasiləsiz tədarükü məqsədilə bu ölkədə logistik mərkəzin yaradılması məqsədəuyğun olardı”, - deyə R.Məmmədov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan Qazaxıstan və Rusiyada logistik mərkəzlərin yaradılmasında yaxşı təcrübəyə malikdir.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
A.Əzizov