Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana rəsmi səfərinin təşkilinə dair planlar var. Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkzində keçirilən mətbuat konfransında məlumat verib.
“Prezident Pyotr Poroşenkonun Azərbaycana səfəri ilə bağlı planlar var. Bu səfərin real tarixi hazırlıq işlərindən asılı olacaq. Çünki bu cür yüksək səviyyəli hər səfərdən öncə qrupların, o cümlədən ikitərəfli Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi lazımdır və biz bu iclasları Azərbaycanda keçirməliyik”, - deyə A.Mişenko bildirib.
Onun sözlərinə görə, Ukraynanın yeni hökuməti formalaşdıqdan və Hökumətlərarası Komissiyaya Ukrayna tərəfindən həmsədr təyin edildikdən sonra komissiyanın iclasınınn keçirilməsi məsələsi aktivləşəcək.
“Bu, bizi prezidentin səfərinin razılaşdırılmasına yönəldəcək. Səfərin gündəliyi geniş həcmlidir, onu aydınlaşdırmaq, razılaşdırmaq, prezidentin səfərini real praqmatik məzmunla təmin etmək üçün real layihələr irəli sürmək lazımdır”, - deyə səfir vurğulayıb.
F.İsazadə