Ukrayna Azərbaycanın təcrübəsində məcburi köçkünlərlə bağlı məsələlər üzrə necə böyük işlər görməli olduğunu anlayır. Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko bəyan edib.
“Mən Azərbaycan hökumətinin məcburi köçkünlərin məsələləri üzrə məsul olan nümayəndələri ilə görüşmüşəm. Və qaçqın və məcburi köçkün axınını (Şərqi Ukrayna və Krımdan - İF-Az) hansısa yolla əlaqələndirmək və onları digər regionlara uyğunlaşdırmaq imkanı əldə etmək üçün necə böyük işlər görməli olduğumuzu anlayıram”, - deyə A.Mişenko çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. “Biz bu müddət ərzində məcburi köçkünlərin məsələlərinin həlli üzrə Azərbaycanın əldə etdiyi müsbət təcrübəni müzakirə etmişik. Qaçqın və məcburi köçkünlərlə iş üzrə qanunvericilik bazasına aid məlumat mübadiləsinə dair Azərbaycanla razılıq əldə edilib”, - deyə o vurğulayıb.
“Cənab Həsənov Ukraynanın nümayəndə heyətini qəbul etməyə və qazanılan təcrübəni tam bölüşməyə hazır olduğu bildirib”, - deyə A.Mişenko bəyan edib.
Səfir məlumat verib ki, rəsmi Kiyev Şərqi Ukraynada qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nda keçirilən seçkilərlə bağlı Bakının reaksiyasını gözləyir. “Biz hansısa qərarı gözləyirik”, - deyə A.Mişenko vurğulayıb. “Ukrayna heç zaman işğal olunmuş Azərbaycan ərazilərində heç bir separatçı rejimi tanımayıb”, - deyə diplomat əlavə edib.
F.İsazadə