Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qarabağ münaqişəsinin nizamlanmasının Şimali İrlandiya məsələsi kimi uzanmayacağına əmindir.
“İnanıram ki, münaqişənin nizamlanması Şimali İrlandiya məsələsi kimi uzanmayacaq. Biz dəfələrlə bildirmişik ki: prinsiplər razılaşdırılıb. Təkrar edirəm, Fransa prezidenti əhatəli sülh sazişi üzərində işə başlamağı təklif edib. Azərbaycan tərəfi bu saziş üzərində işə başlamaq üçün Fransanın təklifi ilə razıdır”, - deyə o, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidinqtonla Bakıda keçirdikləri birgə mətbuat konfransında bildirib.
E.Məmmədyarov qeyd edib ki, D.Lidinqton Azərbaycana səfəri çərçivəsində məcburi köçkünlərlə görüşüb.
“O, hər şeyi öz gözləri ilə gördü. Əgər insan hüquları barədə danışılarsa, ilk növbədə Ermənistan tərəfindən 1 miyona yaxın qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarını qeyd etmək lazımdır”, - deyə nazir vurğulayıb.
D.Lidinqton isə Ermənistan prezidenti Serj Sarqsyanın bir neçə il bundan əvvəl britaniyalı jurnalistə müsahibəsində Azərbaycan torpaqlarının işğalı və Xocalı şəhərində ermənilərin tərətdikləri cinayətlərdə iştirakını etiraf etməsi faktına dair azərbaycanlı jurnalistin sualını şərh etməkdən imtina edib.
“Mən Sarqsyanın nitqi barədə heç nə demək istəmirəm. Mən onun nitqi ilə ətraflı tanış olmalıyam. Təbii ki, Qarabağda baş verən hadisələr faciədir”, - deyə D.Lidinqton bəyan edib.
F.İsazadə