Bu il Naxçıvan Muxtar Respublikasında tam orta təhsil bazasından (Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla) ali və orta ixtisas məktəblərinə qəbul olan məzunların sayı 2207 nəfər olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Naxçıvan MR Təhsil Nazirliyindən məlumat verilib.
“Bu, 2014-cü ildə sənəd verənlərin 66%-ni təşkil edir. Ötən illə müqayisədə ali və orta ixtisas məktəblərinə qəbulda 6% artım olub”, - deyə nazirlikdən bildirilib.
Qeyd edilib ki, 2014-cü ildə məzunlardan 1685-i ali təhsil müəssisələrinə, 258-i müxtəlif ali hərbi və xüsusi təyinatlı ali məktəblərə, 264-ü isə tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olunublar.
2014-cü ildə XI sinfi bitirən 3993 məzundan 3115-i, yəni məzunların 78%-i ali və orta ixtisas məktəblərinə sənəd verib. Sənəd verənlərdən 50%-i oğlan, 50%-i isə qızlar olub. Tələbə adını qazananlardan 46,2%-i oğlanlar, 53,8%-i isə qızlardır. Ali məktəblərə qəbul olan məzunların 347-si və ya 20,1% imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplayıb.
“Qəbulda yüksək bal toplayanların içərisində qızların sayı ilbəil artır. Belə ki, yüksək nəticə göstərən qızların sayı 2013-cü ildə 183, 2014-cü ildə isə 194 nəfər olub”,- deyə nazirlikdən bildirilib.
Muxtar respublikada ali təhsil müəssisələri üçün yaradılan şəraitin nəticəsidir ki, yüksək bal toplayan abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində oxumağa daha çox üstünlük veriblər. Belə ki, yüksək bal toplayan abituriyentlərdən 156-sı Naxçıvan Dövlət Universitetini seçib.
Q. Hüseynova