Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə noyabrın 7-də Astanada MDB-yə üzv ölkələrin Əmək, miqrasiya və sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXVII iclasında iştirak edəcək.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Arif Rəhimzadənin “MDB-yə üzv olan ölkələrdə sosial qanunvericilik bazasının gücləndirilməsi” mövzusunda çıxışı nəzərdə tutulub.
Xəbər verildiyi kimi, Azərbaycanı tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və nazirliyin daha iki nümayəndəsi də təmsil edəcək.
Tədbirin gündəliyinin layihəsinə 10-dan artıq məsələ daxildir. Şura üzvləri xüsusilə MDB ölkələrinin sosial-əmək sahəsində əməkdaşlığına yekun vuracaq, gələcək üçün vəzifələri müəyyən edəcək, dövlətlərdə sosial-əmək vəziyyətini və bu sahədə görülən tədbirləri müzakirə edəcək, əlillərin sosial müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ünvanlı sosial yardımın inkişafı məsələlərinə baxacaqlar.
Bundan başqa, iclasda Birliyə üzv dövlətlərdə istehsalatda bədbəxt hadisələrin araşdırılması üzrə tövsiyələrin hazırlanması və əmək şəraiti və mühafizəsi sahəsində statistik hesabatın formalaşdırılmasına vahid yanaşmaların müəyyən edilməsi məsələləri müzakirə olunacaq.
Məşvərət Şurasının üzvləri, həmçinin əməyin nizama salınması, əmək bazarı və sosial-iqtisadi inkişaf, işləyən miqrantların elektron kartlarının tətbiqi və bir sıra digər sahələrdə əməkdaşlığı müzakirə edəcəklər.
R.Babayev