Avropa Komissiyası SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) tərəfindən Yunansıtanın DESFA qazpaylayıcı şirkətinin səhmlərinin alınmasına dair təklifi dərindən öyrənməyə başlayıb. Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
“Avropa Komissiyası Yunanıstanın DESFA qaz nəqli sistemi operatorunun səhmlərinin SOCAR tərəfindən alınmasının Avropa İttifaqının reqlamentinə uyğunluğunu qiymətləndirmək üçün araşdırmalara başlayıb”, - deyə məlumatda bildirilir.
Məlumatda bildirilir ki, SOCAR-ın fəaliyyətinə təbii qazın hasilatı və onun “Cənub Qaz Dəhlizi” vasitəsi ilə Yunanıstana topdan satışı daxildir.
“Komissiya ehtiyat edir ki, bu sövdələşmə təbii qazın Yunanıstana tədarükü üzrə topdan satış bazarında rəqabəti azalda bilər, çünki birləşmiş şirkət SOCAR-ın rəqiblərinə Yunanıstanın qaz nəqli şəbəkəsinə daxil olmağa mane ola bilər. Komissiya çalışır ki, DESFA-nın satılması rəqabətə ziyan vurmasın və Yunanıstanda qaz istehlakçılarına qaz daha da yüksək qiymətə satılmasın”, - deyə məlumatda qeyd edilir.
Komissiya bu əndişələrin özünü doğruldub-doğrultmayacağını müəyyən etmək üçün sövdələşməni dərindən araşdıracaq.
Məlumatda deyilir ki, Avropa Komissiyası 90 iş günü müddətində, 2015-ci il martın 23-nə qədər qərar qəbul etməlidir.
“SOCAR Avropa Komissiyasının müvafiq xidmətləri tərəfindən bu prosesə sərf edilmiş və ediləcək zaman, səy və resursları yüksək qiymətləndirir və qısa müddət ərzində bu prosesin başa çatdırılması üçün Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirir”, - deyə SOCAR-ın rəsmi saytında bildirilir.
Xəbər verildiyi kimi, 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.
2013-cü ilin dekabr ayında ARDNŞ ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.
ARDNŞ DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
DEPA və DESFA-nın satışı bu ölkənin özəlləşdirmə proqramının əsas bəndlərindən biri hesab olunur. Yunanıstan onların satışından 1,5 mlrd. avro əldə etməyi nəzərdə tuturdu.
N.Abbasova