Azərbaycanda ilk dəfə olaraq istehsalatın müxtəlif sahələrində əməyin mühafizəsi üzrə fəaliyyət göstərən mütəxəssislər üçün tədris kursları təşkil ediləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə bu gün mətbuat konfransında məlumat verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi (ETTM) tərəfindən müəssisə, idarə və təşkilatların əməyin mühafizəsi üzrə mütəxəssisləri üçün ilk dəfə olaraq “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi” mövzuları üzrə tədris kursları təşkil ediləcək.
“Həyata keçirilən dövlət nəzarətinin nəticələrinin təhlili göstərir ki, hələ də bir sıra təşkilatlarda əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar qəbul edilmiş normativ-hüquqi aktların tələblərinə cavab vermir. Təbii ki, bunun əsas səbəblərindən biri də həmin təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə mütəxəssislərin bilik səviyyəsinın qənaətbəxş olmamasıdır. Bu səbəbdən də əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinin daha uğurlu icrası, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün əməyin mühafizəsi üzrə mütəxəssislərin maarifləndirilməsinə və onların yenidən hazırlığının təmin edilməsinə ehtiyac var”,- deyə F.Əlizadə qeyd edib.
O deyib ki, Əmək Məcəlləsinə əsasən, müəssisə, idarə və təşkilatların rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır.
R.Babayev