2014-cü il noyabrın əvvəlinə olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankı (ABB) 6,1 mindən artıq “Pensiya” əmanəti cəlb edib. Bu barədə ABB-nin mətbuat xidmətindən məlumat verilib.
“Fərdi pensiya yığımları məhsulu - “Pensiya” əmanətinə əhali tərəfindən maraq artmaqdadır. Bu günə “Pensiya” əmanəti üzrə vəsaitlərin həcmi 213,3 min manat təşkil edir”, - deyə məlumatda deyilir.
ABB bu məhsulu 2013-cü ilin sonunda təqdim edib.
“Pensiya” əmanəti ən azı 15 il müddətinə nəzərdə tutulan yığım xarakterli bir əmanət növüdür. Müqavilənin şərtlərinə əsasən, əmanətçi artıq 50 yaşında “pensiyaya çıxa bilər”. Bildirilir ki, 15 il müddəti olanda bu növ üzrə yığımlar iki dəfə artır. Məsələn, hər ay 100 manat ayrılanda 15 ildən sonra yığımın həcmi 18 min manat təşkil edir vəbu məbləğə bank tərəfindən 18,107 manat əlavə hesablanır. Əgər əmanət 32 il müddətinə açılırsa (18 yaşdan 50 yaşa qədər), yığımların həcmi beş dəfə artır.
Bu əmanətin üstünlüklərindən biri də odur ki, əmanətçi vəfat etdiyi halda, bütün ayırmalar və hesablanmış faizlər tam həcmdə miras kimi varislərinə ötürülür. Əmanət üzrə müddət başa çatandan sonra əmanətçi yığılan vəsaitləri həm geri götürə, həm də əmanəti saxlaya bilər/
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur.
A.Axundov