Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dəniz yataqlarında estakadaların texniki vəziyyətinə nəzarəti gücləndirəcək. Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev cümə günü “Neft Daşları”nın 65 illiyinə həsr olunan tədbirdə bəyan edib.
Cümə axşamı dəniz özülünün uçması nəticəsində SOCAR-ın əməkdaşı həlak olub.
“Dünən baş verən hadisə ilə əlaqədar estakadalarda işə nəzarət gücləndiriləcək. Müvafiq qərar hazırlanır”, - deyə R.Abdullayev vurğulayıb.
Onun sözlərinə görə, əgər hər hansı estakadada təhlükəsizlik normalarına uyğunsuzluq aşkar edilərsə, həmin estakada tam təmir olunana qədər orada iş tam dayandırılacaq.
R.Abdullayev qeyd edib ki, bu gün “Neft Daşları”nda ümumilikdə 6 min metr uzunluğunda köhnə estakadalar yeniləri ilə əvəz edilib. İlin sonuna kimi daha 3 min metr uzunluğunda estakadaların yenilənməsi planlaşdırılır.
A.Axundov