“AccessBank” Avropa İnvestisiya Bankından (EİB) $25 mln. məbləğində kredit cəlb edib.
Cümə günü “AccessBank” və Avropa İnvestisiya Bankı kredit haqqında saziş imzalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
“EİB-dən cəlb edilən vəsait Azərbaycanda kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək. “AccessBank” üçün kiçik və orta biznesin kreditləşdirilməsi prioritetlərdən biridir və biz bu seqmentdə ən iri banklardan biriyik”, - deyə “AccessBank”ın baş meneceri Michael Hoffmann sazişin imzalanma mərasimində bildirib.
Onun sözlərinə görə, hazırda “AccessBank”ın kiçik və orta biznesin kreditləşdirilməsi üzrə portfeli $500 mln. təşkil edir.
“Bizim Bakı və regionlarda 43 filialımız fəaliyyət göstərir. Biz hesab edirik ki, kiçik və orta biznes sektorunun kreditləşdirilməsi Azərbaycanın qeyri-neft sektorunun və respublikanın regionlarının inkişafına imkan yaradacaq”, - deyə o qeyd edib.
“EİB üçün bu, Azərbaycanda ilk kreditdir. İqtisadi differensiasiya Azərbaycan hökuməti üçün prioritetlərdən biridir və biz respublikada layihələrin maliyyələşdirilməsində fəal iştirak etməyə hazırıq”, - deyə EİB-nin vitse-prezidenti Wilhelm Molterer bildirib.
“AccessBank” 2002-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın KfW bankı, “Access Holding” və “LFS Financial Systems GmbH” şirkətləridir.
A.Əzizov