Cümə günü Bakıda Azərbaycan və İran arasında poçt və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bu barədə cümə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.
“Bu gün İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüş zamanı “Poçt sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan və İran arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” iki hökumətlərarası sazişin imzalanması məsələsini müzakirə edəcəyik”, - deyə Ə.Abbasov bildirib.
Xəbər verildiyi kimi, noyabrın 6-da həm də Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri olan Mahmud Vaezinin ölkəmizə səfəri başlayıb və bu səfər İran prezidenti Həsən Ruhaninin gələn həftə baş tutacaq rəsmi səfəri ərəfəsində həyata keçirilir.
N.Abbasova